Martın 30-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə kiçik və orta biznes (KOB) subyektləri üçün “Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Mərkəzi Bankın, Bakı Fond Birjasının və “AzFinance” investisiya şirkətinin ekspertləri tərəfindən kapital bazarı haqqında ümumi məlumat verilib, eyni zamanda kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, 2020-ci ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat formatında məlumat verilib.

Qeyd edək ki, Bakı Fond Birjası kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edir. Bu tədbirlərin davamı olaraq, 5-6 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və “Ernst & Young” (EY) şirkəti  tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün “Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və ilkin kütləvi təklif” mövzularında sertifikatlı onlayn təlim keçirələcəkdir.