Korporativ qiymətli kağızlarla REPO əməliyyatları barədə qısa məlumat

Tərəflər arasında dövlət və korporativ qiymətli kağızları ilə repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır.

Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

Repo əməliyyatı – Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır).

Repo əməliyyatı repo açılış əqdi və Repo bağlanış əqdi olmaqla iki hissədən ibarətdir:

  • Repo açılış əqdi Repo əməliyyatının birinci hissəsi olmaqla, investisiya qiymətli kağızların satılması (alınması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir;
  • Repo bağlanış əqdi Repo əməliyyatının ikinci hissəsi olmaqla, investisiya qiymətli kağızlarının geri satın alınması (satılması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir.

Repo əməliyyatlarının iştirakçıları qismində BFB və klirinq təşkilatı (Milli Depozit Mərkəzi) ilə Repo Baş Razılaşması imzalamış birja üzvləri çıxış edirlər. Repo Baş Razılaşması Repo əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini, məsuliyyətini müəyyənləşdirən müqavilədir.

Repo predmeti Birjada ticarətə buraxılmış aşağıdakı investisiya qiymətli kağızlardır: a) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; b) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılan notlar və digər qiymətli kağızlar; c) İpoteka istiqrazları; d) Dövlət təminatı ilə buraxılmış istiqrazlar; e) Birjada Premium və Standart bazar seqmentində listinqdə daxil olan və ya beynəlxalq reytinqi ən azı «B-» («Standard&Poor's» və «Fitch» reytinq agentliklərinin təsnifatına və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələsinin ekvivalentə görə) olan investisiya qiymətli kağızları; f) Birjada marketmeyker tərəfindən likvidliyi təmin olunmuş digər investisiya qiymətli kağızları.

Repo əməliyyatının tərəfləri qismində adətən banklar çıxış edir. Repo alıcısı Repo açılış əqdi zamanı qiymətli kağızların alıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların satıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır. Repo satıcısı isə Repo açılış əqdi zamanı qiymətli kağızların satıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların alıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır.
Repo açılış əqdi tarixi ilə Repo bağlanış əqdi tarixi arasındakı müddət Repo müddətini təşkil edir. Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti Repo iştirakçıları tərəfindən müəyyən olunur.
Repo əməliyyatının gəlirliliyi və ya repo faiz dərəcəsi repo açılış əqdinin qiyməti və repo bağlanış əqdinin qiyməti arasındakı fərqdən formalaşır.

Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir. Repo sifarişləri növünə görə limitli sifariş və bazar sifarişi ola bilər.

Mərkəzi Bankın REPO əməliyyatları barədə qısa məlumat

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə kommersiya bankları arasında notlar və dövlət istiqrazları əsasında repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır. Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

Bir qayda olaraq Mərkəzi Bankın REPO/Əks repo əməliyyatları Mərkəzi Bank və müvəkkil bankalar araısnda Repo Baş Razılaşmasına uyğun olaraq BFB-də keçrilir. Bu zaman predmeti olaraq Mərkəzi Bankın qısamüddətli notları və dövlət istiqrazları çıxış edir.

  • REPO əməliyyatı Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satışı (REPO-nun açılması) və eyni zamanda müvəkkil bank tərəfindən həmin qiymətli kağızları Mərkəzi Banka satmaq, Mərkəzi Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.
  • Əks-REPO əməliyyatı müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Banka satışı (REPO-nun açılması) və eyni zamanda Mərkəzi Bank tərəfindən həmin qiymətli kağızları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Mərkəzi Bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.

REPO-nun açılma tarixi Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satıldığı gündür.

Əks-REPO-nun açılma tarixi müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Banka satıldığı gündür.

REPO-nun bağlanma tarixi Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil bankdan satın alındığı gündür.

Əks-REPO-nun bağlanma tarixi müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Bankdan satın alındığı gündür.

Repo açılış əqdi tarixi ilə Repo bağlanış əqdi tarixi arasındakı müddət Repo müddətini təşkil edir. Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti və repo faiz dərəcəsi Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Mərkəzi Bank apardığı REPO/əks-REPO əməliyyatları üzrə illik faiz dərəcələrini sərbəst şəkildə və ya bu məqsədlə keçirilən hərraclar vasitəsilə müəyyən edir. Repo əməliyyatı üzrə gəlirlilik dərəcəsi repo açılış əqdi qiyməti ilə repo bağlanış əqdi qiyməti arasındakı fərqdən formalaşır.

Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir. Repo sifarişləri növünə görə limitli sifariş və bazar sifarişi ola bilər.

Repo predmeti olan qiymətli kağızların siyahısı:  https://www.bfb.az/az/view-file/repo-predmetinin-siyahisi-92.pdf