Səhm Bazarı

Səhm - səhmdar cəmiyyətinin nizamnamə kapitalında mütənasib olaraq sahibinin iştirakını təsdiq edən, cəmiyyətin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın nizamnamə kapitalında olmuş payına mütənasib olan hissəsinə hüququnu təsdiqləyən adlı sənədsiz investisiya qiymətli kağızdır.

Qanunvericiliyə əsasən səhmlər yalnız sənədsiz adlı formada buraxılır.

Səhmlər adi və ya imtiyazlı növdə ola bilər.

  • Adi səhm sahibinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən qiymətli kağızdır.
  • İmtiyazlı səhm emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə Mülki Məcəllədə, səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür.

Səhmin nominal dəyəri səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir. Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Emitent tərəfindən səhmlərinin nominal dəyərindən aşağı qiymətlə yerləşdirilməsinə yol verilmir.

BFB-də səhmlərin yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur. Səhmlərin ticarətə buraxılması üçün ilk növbədə həmin qiymətli kağızlar BFB-də listinqdən keçməlidir.

Qanunvericiliyə əsasən açıq səhmdar cəmiyyətlərinin səhmərlinin yerləşdirilməsi (kütləvi təklifi) fond birjası vasitəsi ilə həyata keçrilir. Qiymətli kağızların kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunur. Emissiya prospektinə və onun tərtib olunmasına dair tələblər Nəzarətedici orqan tərəfindən müəyyən edilir.

Səhmlərin təkrar bazarı artıq yerləşdirilmiş tədavüldə olan səhmlər üzrə təşkil olunur.

BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir.