Dövlət qiymətli kağızları və Mərkəzi Bank notları

Bakı Fond Birjasında dövlət istiqrazların və Mərkəzi Bankın notlarının yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur. Hərracın keçirilməsi və yerləşdirmənin nəticələri barədə məlumatı Birja rəsmi internet səhifəsi vasitəsi ilə açıqlayır. BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir.

Dövlət qiymətli kağızları və Mərkəzi Bank notları Bakı Fond Birjasında ən böyük ticarət həcminə sahib maliyyə alətləridir.
 
  • Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər. 
  • Mərkəzi bankın notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.