20 aprel 2021-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının, Bakı Fond Birjasının, beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətlərinin işitrakı ilə “Korporativ sektorda listinqlə bağlı yeniliklər və stimullaşdırma mexanizimləri” mövzusunda videokonfrans keçirilmişdir.

Videokonfransın keçirilməsində məqsəd korporativ sektorda listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən korporativ sektorda listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.

Videokonfransda Bakı Fond Birjasının və AFİBA-ya üzv olan investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, cari ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat keçirilmişdir. Görüş interaktiv formada keçirilmiş və iştirakçılarla birlikdə kapital bazarlarının inkişafı istiqamətində məhsuldar müzakirə aparılmışdır.

Kapital bazarı iştirakçıları tərəfindən kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edilir.