“ABB - İnvest investisiya şirkəti” QSC (bundan sonra ABB-İnvest) ilə Bakı Fond Birjası (bundan sonra BFB) arasında Listinq Məsləhət Proqramı çərçivəsində tərəfdaşlıq memorandumu imzalandı.

Bu tərəfdaşlıqla yanaşı ABB-İnvest “BOKT Embafinans” QSC-nin (bundan sonra Embafinans) istiqraz buraxılışında anderraytinq xidməti göstərməklə özünün ilk anderraytinq xidmətini reallaşdırmış oldu. Kapital bazarları üzrə 2021-ci ilin mühüm hadisələrindən biri olan ABB-İnvest şirkətinin ilk anderraytinq xidməti vasitəsilə Embafinansın mütəşəkkil kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə BFB “Açılış Zəngi” mərasimi keçirilmişdir. Belə ki, Azərbaycanın qeyri-neft sektorundan olan Embafinansın istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.

Açılış mərasimində emitent tərəfindən Embafinans, birja üzvü tərəfindən ABB-İnvest investisiya şirkəti və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək Embafinansın birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

 Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılmışdır.