Kapital Bank-ın reytinqi üzrə proqnozu “neqativ”dən “pozitiv”ə yüksəlib.

Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba3” səviyyəsində, kredit ödəmə qabiliyyəti reytinqini (BCA) “b1” səviyyəsində təsdiqləyib. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə “neqativ”dən “pozitiv”ə yüksəlib. Agentliyin hesabatında bildirilir ki, bu dəyişiklik yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.

“Kapital Bank-ın BCA reytinqinin “b1” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba3” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2020-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 3,3% təşkil edib (2019-cu ilin sonuna – 4,6%). 2020-ci ilin sonuna 22.3% TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, - deyə hesabatda qeyd olunur.

Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın kredit portfelinin bir neçə ildir ki, digər banklarla müqayisədə daha keyfiyyətli olduğu bildirilir.