Moody’s Beynəlxalq Reytinq Agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin reytinqlərinə yenidən baxıb. Agentlik "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əsas kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqlərini yüksəldib.

ABB-nin BCA reytinqi b2 səviyyəsindən b1-ə yüksəldilib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B1 səviyyəsindən Ba3 səviyyəsinə qədər artırılıb. ABB-nin uzunmüddətli depozit reytinqinin proqnozu isə “Stabil” qiymətləndirilib.

Bankın reytinqlərindəki müsbət dəyişikliklər, əsasən, Azərbaycanın suveren reytinqinin yüksəlməsi, habelə ABB-nin güclü kapital adekvatlığı göstəriciləri, aktivlərinin orta risk dərəcəsi, yüksək likvidlik balansı ilə bağlıdır. Bank xarici təsirlər qarşısında güclü kapital buferinə malikdir. Uzunmüddətli depozit reytinqinin artırılması ABB-nin müsbət ödəmə qabiliyyəti ilə əlaqədardır.

Moody’s agentliyi ölkədə getdikcə artan ümumi iqtisadi fəallıq fonunda bankların, o cümlədən ABB-nin biznes imkanlarının daha da yaxşılaşmasını, gəlirliliyinin artmasını proqnozlaşdırır.