Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC 2020-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Marja.az xəbər verir ki, pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq, “Embafinans” QSC 2020-ci ilin 9 ayını 2 milyon 689 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin eyni dövrü ilə müqayisədə təşkilatın xalis mənfəəti artıb. “Embafinans” keçən ilin 9 ayını 2 milyon 640 min manat xalis mənfəət ilə bağlamışdı. 

Xatırladaq ki, “Embafinans” QSC 2019-cu ili 3 milyon 252 min manat xalis mənfəət ilə başa vurub.

FAİZ GƏLİRLƏRİ ARTIB

2020-ci ilin yanvar - sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə “Embafinans”ın faiz gəlirləri 19% artaraq 7 milyon 269 min manat təşkil edib.   

“Embafinans”ın cəmi aktivləri və kredit portfeli azalıb. 2019-cu ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin yanvar – sentyabr dövründə  təşkilatın cəmi aktivləri 18% azalaraq 36 milyon 715 min manata, kredit portfeli isə 21% azalaraq 30 milyon 66 min manata düşüb. 

MƏCMU KAPİTALI ARTIB

30 Sentyabr 2020-ci il tarixində Embafinans 16 milyon 677 min manat məcmu kapitala malik olub. Təşkilatın məcmu kapitalı 3% artıb.

Qeyd edək ki, Embafinans mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını, əsasən də mebel və məişət texnikası mağazalarının məhsullarını kreditləşdirir. 2018-ci ildən başlayaraq Embafinans biznes kreditləri də təklif etməyə başlayıb.