29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında ”Az-Lead” MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

1,000,000 (bir milyon) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

  Açılış mərasimində emitent tərəfindən Az-Lead, birja üzvü tərəfindən AzFinance investisiya şirkəti və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin Biznes İnkişafının direktoru Emil Babayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, ”Az-Lead” MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.