Qiymətli kağızlar bazarının təşviqi prosesinə növbəti dəstəkləyici tədbir olaraq, 1 avqust 2022-ci il tarixindən etibarən Bakı Fond Birjasının listinqinə ilk dəfə daxil ediləcək səhmlərin emitentləri 31 dekabr 2023-cü ilədək listinq üzrə xidmət haqqından azad edilir.

Bu addım BFB-də listinqdə olan səhmdar cəmiyyətlərin sayının artırılması və ümumilikdə BFB-nin bazar kapitallaşmasının yüksəldilməsinə hədəflənmişdir

Kapital bazarının təşviq edilməsi məqsədilə Bakı Fond Birjası tərəfindən bir neçə istiqamət üzrə tədbirlər həyata keçirməkdədir. Belə ki, özəl sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinin və fond birjasında listinqinin təşviqi məqsədilə listinq tələbləri sadələşdirilmiş və kapital bazarında stimullaşdırıcı tarif rejiminin tətbiqinə başlanmışdır. Eyni zamanda, korporativ qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması məqsədilə Birja tərəfindən anderraytinq xidməti göstərən investisiya şirkətlərinin mükafatlandırılması mexanizmi tətbiq edilir. Bu isə öz növbəsində qiymətli kağızların kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi imkanlarına müsbət təsir göstərməkdədir. Bununla yanaşı, Birja tərəfindən müvafiq dövlət qurumları və investisiya şirkətlərinin iştirakı ilə paytaxtda və ölkəmizin regionlarında intensiv maarifləndirmə tədbirləri təşkil edilməkdədir.