“Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda onlayn sertifikatlı təlim keçiriləcəkdir.

2 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və CPM İnvestisiya Şirkəti tərəfindən xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn sertifikatlı təlim keçiriləcəkdir.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və CPM İnvestisiya Şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcək. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və KOBİA ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

Təlimlə bağlı suallarınız olarsa info@bse.az elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.