BFB təlim

5-6 aprel tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və “Ernst & Young” (EY) şirkəti tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün “Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və ilkin kütləvi təklif” mövzularında sertifikatlı onlayn təlim keçirilib.

2 gün davam edən təlimdə Mərkəzi Bankın və Bakı Fond Birjasının əməkdaşları tərəfindən kapital bazarı, qiymətli kağızların buraxılışı və birjada listinqə daxil olma proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda EY şirkətinin əməkdaşları tərəfindən “İlkin kütləvi təklif”, KOB subyektlərinin ümumi hesabatlılıq məsələləri və təklif olunan həll yolları, Avropa Yenidənqurma və İnkişaf Bankının “Maliyyə İdarəçiliyinin İnkişafı Proqramı” mövzularında çıxış edilib.  

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi şirkət və qurumlarla birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

Təlim və seminarların keçirilməsi ilə bağlı təklif və ya suallarınız olarsa info@bse.az elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.