30 may 2023-cü il tarixində Bakı Fond Birjasının təşkilatçılığı ilə ilk dəfə “Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda investorlar üçün ödənişsiz onlayn vebinar keçirilmişdir.

Tədbirin əsas məqsədi investorlara cari hesablarında olan sərbəst vəsaitlərinin Mərkəzi Bankın notlarına investisiya edərək  gəlirin əldə olunması ilə bağlı idi.

Vebinar zamanı iştirakçı qismində çıxış edən çoxsaylı potensial investorlara Bakı Fond Birjası tərəfindən Mərkəzi Bankın notlarının buraxılış qaydaları və üstünlükləri haqqında ətraflı məlumat verilmişdir.

 Həmin qiymətli kağızlar qısa müddət ərzində yüksək gəlirlilik qazanmaq imkanı yaradır. Belə ki, digər ənənəvi investisiya imkanları ilə müqayisədə Mərkəzi Bankın notları daha likvid, effektiv və risksiz investisiya alətidir. Mərkəzi Bankın notlarını ilkin bazarda əldə etdikdən sonra, investor, həmçinin təkrar bazar və repo əməliyyatları vasitəsi ilə həmin qiymətli kağızların likvidliyini təmin edə bilər.

Bundan əlavə hüquqi şəxslər banklarla repo əqdi bağlamaqla mülkiyyətində olan notlardan istifadə edərək müvəqqəti likvidlik ehtiyaclarını təmin edə bilirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən investor bazası genişləndirilərək banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etmişdirlər.

Bakı Fond Birjası tərəfindən təşkil edilən Vebinar potensial investorlar tərəfindən maraqla qarşılanmışdır.