Videokonfrans formatında keçirilən iclasda maliyyə naziri Samir Şərifov da iştirak edib

İyunun 18-də Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 22-ci İllik Toplantısı keçirilib. Videokonfrans formatında keçirilən iclasda QDTİB-nın Rəhbərlər Şurasının Azərbaycanı təmsil edən üzvü, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da iştirak edib.

Bu barədə Marja-ya Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, illik iclasda çıxış edən  QDTİB-nın prezidenti cənab Dmitri Pankin 2019-ci il üzrə illik hesabatı təqdim edib. Rəhbərlər Şurasının üzvləri tərəfindən bankın 2019-cu il üzrə fəaliyyətinə dair illik hesabat üzrə müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən Samir Şərifov 2019-cu ildə bankın fəaliyyətini, əldə edilən nailiyyətləri müsbət qiymətləndirib, Azərbaycanın QDTİB ilə əməkdaşlığa böyük önəm verdiyini, 2019-2022-ci illəri əhatə edən bankın Azərbaycan üzrə  ölkə strategiyasının bu əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib. Nazir ötən il QDTİB-nin ölkə daxilində yerli valyutada qiymətli kağız yerləşdirən ilk beynəlxalq maliyyə institutu olmasının təqdirəlayiq hal olduğunu bildirib.

S.Şərifov koronavirus pandemiyasının istisnasız olaraq bütün ölkələr qarşısında yeni çağırışlar yaratdığını vurğulayaraq bankın ötən il qəbul etdiyi  “2019-2022-ci illər üzrə Ortamüddətli Strategiya və Biznes Planı”na bu çağırışlara uyğun olaraq düzəlişlər etməsinin vacibliyini diqqətə çatdırıb.

Maliyyə naziri həmçinin, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən önləyici kompleks tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, hökumət pandemiya və qlobal böhran təhdidlərinə çevik reaksiya verərək insanların sağlamlığının qorunması, iqtisadi stabilliyin təmin edilməsi məqsədilə sistemli və operativ tədbirlər görür, təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, zərər çəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təsirli tədbirlər həyata keçirir.

S.Şərifov təsisçi ölkə olaraq Azərbaycanın QDTİB-nin fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bəyan edib.

Daha sonra QDTİB-nin 2019-cu il üzrə fəaliyyətini özündə əks etdirən bir sıra təqdimatlar edilib, bankın 2019-cu il üzrə maliyyə və audit hesabatları təsdiq olunub, 2019-cu ildə əldə edilmiş xalis mənfəətin bankın kapitalının artırılmasına yönəldilməsi ilə bağlı qərarlar qəbul edilib.

İclasda pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların aradan qaldırılmasında üzv ölkələrə dəstək, bankın 2020-ci il büdcəsi, ölkə strategiyalarının nəticələri, üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın daha fəal kreditləşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olub.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.

Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.