30 aprel 2021-ci il tarixində Bakı Fond Birjası birja üzvləri olan investisiya şirkətlərinin işitrakı ilə “Listinqin təşviq edilməsi üzrə səmərəli kommunikasiya kanallarının müəyyən edilməsi və investisiya şirkətlərinin stimullaşdırılması” mövzusunda videokonfrans keçirilmişdir.

Videokonfransda Bakı Fond Birjası tərəfindən təşkil həyata keçirilən investisiya şirkətlərinin stimullaşdırma mexanizimləri, korporativ sektorda listinqin təşviq edilməsi və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlər, Listinq Məsləhət Proqramının effektivliyinin artırılması,  listinqin təşviqi üzrə səmərəli kommunikasiya kanallarının müəyyən edilməsi, o cümlədən qarşıda duran digər vəzifələrə dair geniş müzakirələr təşkil edilmişdir.

Müzakirələrin yekunu kimi listinqə cəlb edilməsi mümkün olan emitentlərlə fərdi görüşlərin təşkil edilməsi və fond birjasında listinqin üstünlükləri barədə onların məlumatlandırılaması, eyni zamanda  KİV-lərdə, xüsusilə telekanallarda listinqin və kapital bazarından maliyyələşmənin üstünlükləri barədə maarifləndirici çıxışların təşkili, sosial şəbəkələrdə bu mövzulu videoçarxların yayınlanması, həmçinin kiçik və orta biznes subyektlərinin kapital bazarına cəlb edilməsi məqsədilə birgə görüşlərin təşkil edilməsi qərara alınmışdır.

Bakı Fond Birjası kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq bazar iştirakçıları ilə görüşlər aparır.