20 aprel 2021-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının, Bakı Fond Birjasının, beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətlərinin işitrakı ilə “Korporativ sektorda listinqlə bağlı yeniliklər və stimullaşdırma mexanizimləri” mövzusunda videokonfrans keçiriləcəkdir.

Videokonfransın keçirilməsində məqsəd korporativ sektorda listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən korporativ sektorda listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.

Videokonfransda Bakı Fond Birjasının, beynəlxalq audit/konsaltinq şirkətlərinin ekspertləri və AFİBA-ya üzv olan investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, cari ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat keçiriləcəkdir. Eyni zamanda cari ilin aprel ayında Bakı Fond Birjası tərəfindən start verilmiş və listinqin stimullaşdırılmasına hədəflənən yeni mükafatlandırma mexanizmi barədə ətraflı məlumat veriləcəkdir.

Kapital bazarı iştirakçıları tərəfindən kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edir.