27 may 2021-ci il tarixində İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Fond Birjasının birgə əməkdaşlığı çərçivəsində videokonfrans keçirilmişdir.

27 may 2021-ci il tarixində  İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Fond Birjası ilə “Korporativ idarəetmə standartlarının tətbiqinin idarəetmə proseslərinin səmərəliliyinin yüksəldilməsi və biznesin gəlirliliyinin artırılması baxımından faydası, biznes etikası və korporativ sosial məsuliyyət prinsiplərinin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilmişdir.

Videokonfransın keçirilməsində məqsəd korporativ idarəetmə standartlarının prinsipləri və tətbiqinin xüsusiyyətləri, idarəetmə proseslərinin səmərəliliyinin yüksəldilməsi və biznesin gəlirliliyinin artırılması, kapital bazarında maliyyələşmə imkanlarının müəyyən edilməsi, korporativ sektorda listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən korporativ sektorda listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.

Videokonfransda Azərbaycan Respublikasının Mərkəzi Bankının, Bakı Fond Birjasının, İqtisadiyyat Nazirliyinin və Azfinance İnvestisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, cari ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat keçirilmişdir. Eyni zamanda, görüş interaktiv formada keçirilmiş və iştirakçılarla birlikdə kapital bazarlarının inkişafı istiqamətində məhsuldar müzakirə aparılmışdır.

Kapital bazarı iştirakçıları tərəfindən kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edilir.