10 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İnvestisiya Şirkətlərinin iştirakı ilə Şabran şəhərində "7-ci İnvestisiya səyahəti" tədbiri təşkil olunmuşdur.

Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılmışdır. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar olunmuşdur. 

Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilmişdir.

Qeyd edək ki, bu, sayca yeddinci belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ və Şamaxı şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.