“Günay Bank” ASC ötən ili 408 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 2 milyon 174 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Günay Bank”ın 2019-cu ildə 12 milyon 70 min manat olmuş faiz gəlirləri 2020-ci ildə 12 milyon 938 min manata yüksəlib. Bankın qeyri-faiz gəlirləri isə 8 milyon 461 min manatdan 5 milyon 650 min manata geriləyib.

Ötən il Günay Bankın faiz gəlirləri artıb, faiz xərcləri isə azalıb.

2020-ci ildə “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 18 milyon 589 min manat, cəmi əməliyyat xərcləri 16 milyon 640 min manat, əməliyyat mənfəəti 1 milyon 948 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 20 milyon 531 min manat, cəmi əməliyyat xərcləri 17 milyon 189 min manat, əməliyyat mənfəəti isə 3 milyon 342 min manat təşkil etmişdi.

Ötən il Günay Bank 1 milyon 948 min manat əməliyyat mənfəətindən 1 milyon 540 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ili 408 min manat xalis mənfəət ilə başa vurub.

Bank 2019-cu ildə 3 milyon 342 min manat əməliyyat mənfəətindən ehtiyata 1 milyon 168 min manat ayırmışdı.

BANK BÖYÜYÜB

2020-ci ildə Günay Bankın cəmi aktivləri 29 milyon 286 min manat artaraq 245 milyon 42 min manata, o cümlədən müştərilərə verilmiş cəmi kreditlər 31 milyon 949 min manat arataraq 190 milyon 865 min manata çatıb. 

Ötən il Günay Bankda cəmi depozitlər 12 milyon 919 min manat artaraq 94 milyon 488 min maanata yüksəlib. Fiziki şəxslərin depozitləri 4 milyon 587 min manat, hüquqi şəxslərin depozitləri isə 8 milyon 333 min manat artıb. 

2020-ci ilin sonunda Günay Bank 64 milyon 847 min manat məcmu kapitala malik olub. 2019-cu ilib sonunda Bank 64 milyon 178 min manat məcmu kapitala malik idi.