Azərbaycanın aparıcı faktorinq xidməti “Ferrum Kapital” QSC 2019-cu ili 450 min manat xalis mənfəətlə başa vurub.

Finans.az” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,25 dəfə çoxdur.

Ötən il “Ferrum Kapital”ın gəlirləri 3,87 milyon manat (əvvəlki ilə nisbətən 3,6 dəfə çox), xərcləri 3,304 milyon manat (4,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 112 min manat (56,9% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Ferrum Kapital”ın aktivləri 31,98 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 38,3% artaraq 21,52 milyon manata, balans kapitalı isə 97,8 dəfə artaraq 10,46 milyon manata çatıb.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri “AQA Şirkətlər Qrupu” QSC (72,5%) və “Vesta Konsaltinq” MMC-dir (27,5%).