“Bakı Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilmiş şəxs məlum oldu. Bununla da İdarə Heyətinin sayı 3-ə yüksəlib.

Məlumata görə, bu, Oqtay Şeydabəyov Pirmurad oğludur. O, artıq mart ayından sığorta şirkətinin İdarə Heyətində üzv kimi çalışacaq.

Oqtay Şeydabəyov buna qədər Sığorta iddiaları xidməti şöbəsinin müdiri idi.

8 və 22 fevral 2021-ci il tarixlərində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında rəhbər şəxslər üçün keçirilən attestasiyada Oqtay Şeydabəyov 88 balla bitirmişdir.

Əlavə olaraq bildirək ki, martın 29-da, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyi məlum deyil.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.9 milyon manatdır.

Şirkətin səhmdarları “Bank Respublika” ASC (51.29%), “Toyota Absheron Center” MMC (9.38%), “Subaru Azərbaycan” MMC (9.38%), “Yeni Motor” MMC (9.38%), Murad Rəhimov (6.97%), Behbud Nəcəfov (6.93%) və “Ekolizinq” MMC-dir (6.68%).