2 noyabr 2021-ci il tarixində SOCAR Tower-də Azərbaycan Dövlət Neft Şirkətinin yeni istiqrazlarının ticarətə buraxılması, təkrar bazar əməliyyatlarına başlanılması və 2016-cı ildə buraxılmış istiqrazlarla bağlı hesabat tədbiri keçirilib.

      Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə məsələləri üzrə baş məsləhətçisi, tədbirin moderatoru Əli Ağaoğlunun giriş nitqində Azərbaycan iqtisadiyyatının flaqmanı olan SOCAR-ın meqa-layihələrlə birgə, investorlar üçün alternativ investisiya imkanı yaratmaqda davam etdiyini, 100 milyon dollar həcmində buraxılmış yeni istiqrazlara 380 milyon dollardan artıq tələb gəldiyini nəzərə çatdırmış və şirkətin daxili kapital bazarlarının inkişafına töhfə verməkdən qürur duyduğunu  vurğulamışdır. 

      Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov çıxış edərək Azərbaycan Dövlət Neft Şirkətinin istiqrazlarının yaranma tarixçəsindən, ölkə iqtisadiyyatına töhfələrindən və buraxılmış yeni istiqrazlara investorların böyük marağından söz açıb. Tədbirdə iştirak edən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov, Bakı Fond Birjasının Sədri Eldar Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin istiqrazlarının qiymətli kağızlar bazarının inkişafında rolundan və digər korporativ istiqrazların emissiyasına qazandırdığı stimuldan bəhs etmiş, ilkin istiqrazların birjada ən çox investisiya edilmiş qiymətli kağız olduğunu vurğulamış, əksəriyyəti fiziki şəxslər tərəfindən satın alınmış 100 milyon dollar məbləğindəki yeni Azərbaycan Dövlət Neft Şirkətinin istiqrazlarının 1 noyabr tarixində birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni bir uğuru kimi dəyərləndirmişlər.