9 mart 2022-ci il tarixində Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanın tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilmişdir.

Açılış mərasimində BFB-nin sədri v.m.i.e Eldar Abdullayev, BMTİP Azərbaycanın müvəqqəti işlər vəkili cənab Suxrob Xojimatov, BMTİP Azərbaycan layihə rəhbəri Aygün Əhmədova, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Əməkdaşlıq üzrə regional direktorun müavini Cənab Alberto Hernandez,  BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu Gürcüstan üzrə ölkə təmsilçisi Kaori İşikava, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi Korporativ xidmətlər departamentinin rəhbəri Leyla Qaralova, Mərkəzi Bank Kapital Bazarına Nəzarət Departamenti şöbəsindən Sevinc Əliverdiyeva, Azfinans İnvestisiya şirkəti Beynəlxalq bazarlar departamentini mütəxəssisi Nərmin Cəbrayıllı çıxış etmişlər.

          BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək, gender bərabərliyinə həsr olunmuş qlobal olaraq keçirilən “Açılış Zəngi” mərasimlərinin cəmiyyətdə gender bərabərliyinin inkişafı, korporativ sektorda oynaya biləcəyi əsas rola diqqəti cəlb etmək və qadınların işgüzar məkanda səlahiyyətlərinin artırılmasına müsbət təsir göstərə biləcəyini bildirdi.

            Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır və hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər.