Bakı Fond Birjası Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasına (World Federation of Exchanges - Federasiya) üzv olmaq üçün müraciət etmiş

və Federasiyanın Direktorlar Şurasının 15.01.2020-ci il tarixli qərarı ilə tərəfdaş birja statusunu əldə etmişdir. Bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birja olmuşdur.

Federasiya ilə tərəfdaşlıq Bakı Fond Birjasının inkişaf perspektivlərində və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyininin yaxşılaşdırılması istiqamətində yeni imkanlar yaradır. Belə ki, bu cür nüfuzlu təşkilatla tərəfdaşlıq Bakı Fond Birjasının dövriyyə göstəricilərinin beynəlxalq məlumat resurslarında açıqlanmasına şərait yaradacaq, beləliklə də Qlobal Rəqabətlik Hesabatında “Bazar kapitallaşmasının ÜDM-də payı”, habelə “Doing Business” Hesabatında “Kiçik investorların qorunması” indikatorları üzrə ölkəmizin mövqeyinin yaxşılaşmasına xüsusi töhfə verəcəkdir. Bu tərəfdaşlıq həmçinin Bakı Fond Birjası ilə Federasiyaya üzv olan digər birjalar arasında qarşılıqlı listinq və əməkdaşlıq imkanlarını artıracaqdır. Nəticə etibarı ilə bu imkanlar xarici investorların ölkə iqtisadiyyatı və yerli maliyyə bazarları barədə daha çox məlumatlanmasını təmin edəcək və gələcəkdə Azərbaycan kapital bazarına investisiya imkanlarını artıracaqdır.

Qeyd edək ki, Federasiya maliyyə bazarları infrastrukturunun əsas tərkib hissəsi olan birjalar  (fond, valyuta, əmtəə və universal) tərəfindən 1961-ci ildə yaradılmış ən böyük müştərək təşkilatdır. Federasiyaya üzv və tərəfdaş olan birjaların ümumi bazar kapitalizasiyası 74,4 trilyon ABŞ dolları olmaqla illik bazar dövriyyələri 95 trilyon ABŞ dollarından çoxdur. Əlavə olaraq, Federaiyaya  daxil olan birjalar mütəmadi olaraq birgə araşdırma və müzakirələr həyata keçirərək kapital bazarlarının inkişafını təmin edən ən yaxşı təcrübə və standartları müəyyənləşdirir. Eyni zamanda Federasiyanın birjalara dair məlumat bazası beynəlxalq maliyyə qurumları və nüfuzlu reytinq agentlikləri üçün istinad rolunu oynayır.