2 dekabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilmişdir.

Sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası tərəfindən emitentlərə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsinə başlanılmışdır. Bu sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir. 

Əvvəllər aparılan müvafiq əməliyyatlar üzrə emitentlər yuxarıda qeyd olunan hər üç quruma ayrı-ayrılıqda müraciət edirdi və tələb olunan sənədlər kağız daşıyıcılarda təqdim olunurdu. Yeni yaradılmış sistem isə müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir. Bu da ölkəmizdə kapital bazarının inkişafına, bu sahədə xidmət keyfiyyətinin artırılmasına və emitentlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcəkdir.