29 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında "AccessBank" QSC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

Ümumi dəyəri 5,000,000 (beş milyon) ABŞ dolları həcmində olan yerləşdirmənin baş anderrayteri BFB-nin üzvü olan “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, sub anderrayteri isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Açılış mərasimində emitent tərəfindən "AccessBank" QSC, birja üzvləri tərəfindən ABB-İnvest investisiya şirkəti, Unicapital İnvestisiya Şirkəti və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, "AccessBank" QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.