Bakı Fond Birjasında Listinq şərtləri və tariflər

Azərbaycanda hər il onlarla şirkət (emitent) kapital bazarlarında səhm və istiqrazlarını yerləşdirməklə bizneslərinə əlavə milyonlarla vəsait cəlb etmə imkanı əldə edir. Emitent qiymətli kağızlarını birja vasitəsi ilə ticarətə buraxmamışdan əvvəl ilk növbədə Bakı Fond Birjasına (BFB) listinqə alınması ilə bağlı müraciət edir. Bakı Fond Birjasında ticarətə buraxılan qiymətli kağızlar emitentlərinin maliyyə, hesabatlılıq, şəffaflıq, korporativ idarə etmə göstəricilərinə əsasən 2 (iki) bazar seqmentində listinqə daxil edilir və hər bir seqment şirkətin inkişaf dərəcəsini əks etdirir. Qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra investor bazasına təqdim olunaraq yerləşdirməsi həyata keçirilir.

Əsas Bazar Seqmenti

Burada emitentlərdən qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarətetmə standartlarının tətbiq edilməsi, mənfəətlilik, səhmlər üzrə sərbəst bazarda tədavül həcminin təmin edilməsi tələb edilir.
Əsas bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarətetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.

Standart Bazar Seqmenti

Burada listinq üçün tələblər bir qədər yumşaqdır. Emitentin nizamnamə kapitalının ümumi həcmi ən azı 200 000 manat olmalıdır. Sərbəst tədavül həcminə dair isə heç bir tələb yoxdur.
Standart bazar seqmentində qabaqcıl təşkilati, emissiya prospekti və ya informasiya memorandumu müşayiəti ilə birlikdə kütləvi təklif etmiş, maliyyə,idarə etmə hesabatlarının və digər məlumatların açıqlanması və idarətetmə standartlarının tətbiq edildiyi lakin, nisbətən orta əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.

Listinqə müraciət etmək üçün sənədlərin siyahısı

Emitent qiymətli kağızların listinqinə görə Birja tərəfindən tələb olunan sənədləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidir.

  1. Forma-1 (listinq barədə ərizə anket) (Ərizə 1)
  2. Emitentin bu Qaydaların tələblərinə uyğunluğu və təqdim edilmiş məlumatların düzgünlüyü barədə bəyanat
  3. Qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti
  4. Emitent hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
  5. Emitentin notarial qaydada təsdiq olunmuş nizamnaməsinin surəti
  6. Emitent lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, həmin lisenziyaların surətləri
  7. Birja üzvü ilə emitent arasında qiymətli kağızların yerləşdirilməsi üzrə müqavilə və dövriyyəsi haqqında hər hansı bir müqavilə olduqda, bu cür müqavilələrin surəti (anderrayter müqaviləsi)
  8. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş emissiya prospekti və ya informasiya memorandumu
  9. Emitentin adından vəkil edilmiş şəxsin qanunvericiliklə bu hüquqlarını təsdiq edən sənəd və ya onun notarial qaydada təsdiqlənmiş surəti
  10. Qiymətli Kağızların saxlanılması və qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə xidmətlərin göstərilməsi barədə müqavilənin və müqaviləyə əlavələrin sürəti (MDM-lə müqavilə)
  11. Auditdən keçmiş maliyyə hesabatları və auditor rəyinin surəti
  12. Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarış və ya sərbəst tədavül həcminin təsdiqi barədə bəyanat

Listinq Komitəsi emitent tərəfindən təqdim edilmiş məlumatların təsdiq edilməsi üçün zəruri olan digər məlumat və sənədləri əsaslandırmaqla emitentdən tələb edə bilər.